ABŞ Konqresinin üzvləri Prezident Donald Trampın qoşunların Suriyadan çıxarılması qərarına etiraz ediblər.
Teleqraf.com xəbər verir ki, Trampın üzvü olduğu Respublikaçılar Partiyasından olan senator Lindsey Qraham bu qərarı “böyük səhv” adlandırıb.
Senator Trampı keçmiş prezident Barak Obama ilə müqayisə edib: “Bu, Obamanın üslubuna oxşayır və böyük bir səhvdir”.
Konqresin Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Bob Körker isə nə baş verdiyini anlamadığını və Müdafiə naziri Ceyms Məttsdən açıqlama gözlədiyini bildirb.
Demokratlar Partiyasının senatorları Robert Menendez və Cek Rid də prezidentin qərarını tənqid ediblər:
“Tramp qoşunları heç bir plan olmadan çıxardı. Halbuki Suriya ilə bağlı narahatlıq yaradan xəbərlər gəlirdi. Bu məqamda qoşunların Suriyadan çıxarılması, ABŞ üçün ciddi təhlükə yarada bilər”.
Konqresin Silahlı Qüvvələr Komitəsinin üzvü Cim İnhoff da Trampdan narazılığını dilə gətirib. O, hesab edir ki, prezident bu barədə qərarını əvvəlcədən açıqlamalı idi.
Senator Ben Sassa görə isə, ABŞ Suriyadan geri çəkilsə, müttəfiqlərinin əksəriyyətini itirəcək.
Trampı Konqresdə dəstəkləyən azsaylı senatorlardan biri olan Rənd Paul isə onu dəstəkləyib:
“Mən qələbəni bayram edərək geri qayıdan əsgərlərimiz və prezident üçün çox xoşbəxtəm. Bu, çoxdan baş verməliydi”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı Amerika hərbi qüvvələrinin çıxarılacağını açıqlamışdı və proses həyata keçirilməkdədir.