“Ermənistanın yeni rəhbərliyinin ölkə ərazisindən Rusiya hərbi bazasını çıxaracağına inanmıram”.
Bunu Gümrüdəki 102-ci hərbi bazanın çıxarılması ilə bağlı yayılan məlumatları Teleqraf.com-a şərh edən politoloq İlqar Vəlizadə deyib.
Politoloq Ermənistanın Rusiyaya qarşı kəskin addım atmaq gücündə olmadığını bildirib:
“Ermənistanın rus bazasını çıxaracağı ilə bağlı yayılan məlumatın əsaslı olduğunu düşünmürəm. Sadəcə olaraq, Ermənistan Rusiya ilə söz güləşdirir. Ermənistan rəhbərliyinin əsas məqsədi, yenə də Rusiyanın diqqəti öz üzərinə çəkmək və öz vacibliyini göstərmək cəhdidir. Buna görə də, hərbi bazanın çıxarılması kimi ehtimalları gündəmə gətirərək, Rusiyadan imtiyaz qoparmağa çalışırlar.
Nə Rusiya yerindən tərpənən deyil, nə də Ermənistanın gücü yoxdur ki, rus bazasını çıxarsın”.
Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov rəsmi Moskva və İrəvan arasında imzalanmış hərbi müqavilələrə zəmanət verəcək yeni bir sənədin imzalanmalı olduğunu açıqlayıb. Lavrovun açıqlamasından əvvəl isə Ermənistanda Gümrüdəki Rusiya bazasının çıxarılması məsələsi gündəmə gəlib.