ABŞ-ın Respublikaçılar və Demokratlar partiyalarından olan senatorlar Müdafiə naziri Ceyms Mettisin istefa qərarından narahatlıqlarını ifadə ediblər.
Teleqraf.com xəbər verir ki, Konqres üzvləri istefanın mənfi nəticələrinin olacağını iddia ediblər.
Demokrat senator Mark Varner hesab edir ki, Ceyms Mettisin istefası ABŞ üçün mənfi hadisədir: “Bu, bizi qorxudur. Mettis Donald Tramp administrasiyasının xaosunda sabitlik adası idi”.
ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar fraksiyasının rəhbəri Nensi Pelosi də buna bənzər fikir irəli sürüb: “Bundan hamımız narahat olmalıyıq. Mettis Trampın hansı yolda olduğunu göstərdi”.
Respublikaçı senator Marko Rubioya görə, Pentaqon başçısının istefası ABŞ-ı təhdid edən düşmənləri hərəkətə keçirəcək və müttəfiq dövlətlərə zərər verəcək.
Digər respublikaçı senator Lindsey Qraham Mattisin istefasından kədərləndiyini ifadə edib.
Qeyd edək ki, Ceyms Mettis Prezident Donald Trampın Suriyadakı ABŞ hərbi qüvvələrini çıxarmaq barədə qərarına etiraz olaraq istefa verib.