İngiltərənin müdafiə naziri Gavin Villiamson Rusiyanın təhdidlərilə üzləşən Ukraynaya dəstək məqsədilə Kraliyyət Donanmasına aid bir gəmini Qara dənizə göndərib.
Odessada ukraynalı həmkarı Stepan Poltorak ilə görüşən Villiamson Ukraynaya aid hərbi gəmidə ortaq mətbuat konfransı keçirib.
O qeyd edib ki, Kiyev Rusiya ilə qarşı-qarşıya qaldığı bir məqamda Birləşmiş Krallıq birincini tək buraxmayacaq.
Rusiyanın siyasətini sərt tənqid edən Villiamson "HMS Echo' gəmisini Qara dənizə göndərəcəklərini bildirib: "Məqsəd Ukraynanın tək olmadığını göstərməkdir. Həmçinin Odessa kimi limanlara daxil olmaq haqqımızın olduğunu göstəririk. Qaradəniz Rusiyanın deyil, bütün dünyanındır".
Poltorak İngiltərənin 4 ildir Ukraynanın dəyərli ortağı olduğunu diqqətə çatdırıb: "Torpaqlarımız üçün savaşdığımız bir vaxtda İngiltərə silahlı qüvvələrindən gələn dəstək təklifi həyati önəm daşıyır".
Qeyd edək ki, Moskva-Kiyev münasibətləri 2014-cü ildən etibarən pozulub. Rusiyanın Krımı işğal etməsi, Donbasda separatçıları dəstəkləməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.
Noyabr ayında Qara dənizdə Kerç boğazı yaxınlığında Rusiya hərbi gəmiləri Ukrayna hərbi gəmilərinə hücum edərək 3 gəminin 24 nəfərdən ibarət personalını həbs edib. Onların barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ukraynalı hərbçilər Rusiyanın dəniz sərhədlərini pozmaqda ittiham olunur və onları 6 ilə qədər həbs cəzası gözləyir.