23 Dekabr 2018 13:22
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaponiya imperatoru Akihitonun 85 yaşı tamam olur.

Teleqraf.com xəbər verir ki, imperator doğum günü münasibətilə jurnalistlərlə görüşüb. Gələn ilin aprelində imperator taxt-tacı təhvil verəcəyinə görə bu, onun monarx kimi sonuncu mətbuat konfransı olub.

Okinava uğrunda döyüşləri xatırladan imperator müharibədən sonrakı dövrdə də Okinava sakinlərinin qarşılaşdığı çətinliklər üzərində düşündüyünü bildirib: “Biz ötən illərdə Okinava xalqının verdiyi qurbanlara diqqət göstərməkdə qətiyyətlə davam edəcəyik və bu münasibət gələcəkdə də dəyişməz qalacaq. Hesab edirəm ki, II Dünya müharibəsi zamanı həlak olan çoxlu sayda insanı unutmaq olmaz, o cümlədən, müharibədən sonrakı dövrdə Yaponiyanın çiçəklənməsi və inkişafının da çoxlu qurbanlar, böyük zəhmət hesabına başa gəldiyini qeyd etmək lazımdır. Bu tarixi olduğu kimi, müharibədən sonra doğulanlara çatdırmaq lazımdır”.

İmperator vurğulayıb ki, Yaponiyada Heysey dövrünün müharibəsiz başa çatması ona dərin təsəlli verir.

İmperator həyat yoldaşı İmperatriçə Miçiko haqqında da danışıb. 2019-cu ilin aprelində o və İmperatriçə toylarının 60 illiyini qeyd edəcəklər: “İmperatriçə həmişə mənim yanımda olub, imperator kimi xidməti vəzifələrimin icrası zamanı mənim düşüncələrimi başa düşüb, məni dəstəkləyib. Səmimi qəlbdən imperatriçəyə minnətdarlığımı bildirmək istəyirəm, o, çoxsaylı insanlardan biri olaraq, bu yolu mənimlə birlikdə addımlayıb və uzun illər ərzində böyük sədaqətlə imperator ailəsinə və Yaponiyaya, xalqımıza xidmət edib”.

Yubileylə əlaqədar 75 mindən çox insan saraya axın edərək imperatoru təbrik edib.

Bu, Yaponiya tarixində rekord göstəricidir. İmperator Akihiton öz postunu 58 yaşlı oğlu Naruhitoya təhvil verməyi planlaşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər