“Prezident Donald Tramp türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Suriyadakı ABŞ hərbi qüvvələrini geri çəkmək haqda qərar verdi. Nəticədə Fərat çayının şərq sahillərində yerləşmiş PKK/PYD terror təşkilatları Türkiyə ilə üz-üzə qaldı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Sabah” qəzetinin köşə yazarı Mehmet Barlas deyib.
Onun sözlərinə görə, Türkiyənin bölgədə yerləşməsindən narahat olan Rusiya Prezidenti Vladimir Puin prosesə müdaxilə etməyə başlayıb:
“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verərək bildirdi ki, ABŞ-ın geri çəkilməsindən sonra Şərqi Fərat Bəşər Əsəd ordusunun nəzarətinə verilməlidir. Zaxarova həmçinin dedi ki, Amerikanın nəzarət etdiyi bütün ərazilər Əsəd ordusunun ixtiyarında olmalıdır.
Əlbəttə, bu, Zaxarovanın yox, birbaşa Putinin mövqeyidir. Buna görə də, Ərdoğanın bu məsələni yaxın günlərdə Putinlə müzakirə edəcəyi gözləniləndir”.
Mehmet Barlas bu məsələdə Ərdoğan və Putin arasında fikir ayrılıqlarının olduğunu istisna etmir: “Bunu da qeyd etmək lazımdır ki, Türkiyə Astana prosesi çərçivəsində tərəflərlə işbirliyindədir. Yəni, indiki halda Bəşər Əsədin Suriyanın legitim hakimiyyətini təmsil etməsi bəlkə də yaxın gələcəkdə təsdiq ediləcək”.