Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyasında 12 minə yaxın insan iştirak edib.
Paytaxt Parisdə etiraz aksiyasına 800-ə yaxın insan qoşulub. Dekabrın 22-si keçirilən aksiyada bütün ölkə üzrə 38 mindən artıq etirazçı iştirak etmişdi.
Parisdə etiraz aksiyaları zamanı 57 nəfər saxlanılıb, onlardan 33-ü həbs edilib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.