11 Yanvar 2019 13:16
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın ABŞ prezidenti seçilməsində Rusiya izini araşdıran xüsusi prokuror Robert Müller təhqiqata 2017-ci ildə son inauqurasiyada iştirak etmiş ukraynalıları da cəlb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, təntənəli mərasimlərdə iştirak etmək üçün Vaşinqtona Ukraynadan onlarla siyasi xadim və biznesmen gəlib. Onlardan bəziləri nüfuzlu respublikaçılarla, Konqres üzvləri ilə və prezident Trampın yaxın tərəfdarları ilə görüşüblər. Ukraynalıların bu qisminin Moskvaya simpatiya bəslədiyi güman edilir.

“Vaşinqtona gələn bəzi ukraynalılar, yaxud onların tərəfdarları böyük bazarlığın edilməsinə və ya sanksiyaların aradan qaldırılmasından sonra Rusiyanın maraqlarına cavab verən “sülh planı”nın irəlilədilməsinə çalışıblar”, – deyə yazıda qeyd olunur.

Robert Müllerin komandası hazırda Ukraynadan qonaqları kimlərin dəvət etdiyini, onların kimlərlə görüşdüyünü və nələri müzakirə etdiklərini araşdırır.

Qəzet xatırladıb ki, Trampın inauqurasiyası ilə bağlı keçirilən təntənəli mərasimlərin iştirakçıları arasında Ali Radanın deputatı Sergey Kivalov, Andrey Artemenko, Borislav Berezu, Vitali Xomutınnik, həmçinin biznesmen Pavel Feks olub.

A.Artemenko bildirib ki, onu iki dəfə Federal Təhqiqatlar Bürosu və Robert Müllerin komandasından Rusiya-Ukrayna münaqişəsinin bitməsini nəzərdə tutan və onun tərəfindən təklif olunan “sülh planı” ilə bağlı sorğu-sual ediblər.

Qeyd edək ki, Robert Müller şərti olaraq “Rusiya işi” adlandırılan iş üzrə 2017-ci ilin mayından təhqiqat aparır. Onun əsas vəzifəsi D.Trampın seçki qərargahı ilə Rusiya arasında hansısa sözləşmənin olub-olmamasını araşdırmaqdır. Senat və Konqresin Nümayəndələr Palatası artıq öz araşdırmalarını başa çatdırıblar. Onlar bu qənaətə gəliblər ki, Moskva seçki prosesinə birmənalı olaraq müdaxilə edib. Bununla yanaşı qanunvericilər arasında Trampla Kreml arasında sözləşmə barədə yekdil fikir mövcud deyil.


Müəllif: Səxavət