14 Yanvar 2019 18:18
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yənə hər şey Parisdən, Fransadan başlayır. 230 il əvvəl Böyük Fransa İnqilabı dünyanı tamam dəyişdi və qlobal transformasiyaya start verdi. Parisdən verilən impuls 50, 100 il sonra bütün dünyanı dəyişməyə yetərli oldu. İndi isə “sarı jiletlilər”in hərakatı qlobal dəyişikliklər üçün yeni impuls verib”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi analitik Zaur İbrahimli deyib.

Ekspert bir sıra ölkələrdə hökm sürən sosial ədalətsizliyə də diqqət çəkib:

“Sonuncu Davos forumu ( 2018) ərəfəsində “Qlobal risklər” Hesabatında xüsusi qeyd olunurdu ki, bir çox ölkələrdə qeyri-bərabərlik dəhşətli problemə çevirilib. “Sarı jiletlilər” hərəkatı bu problemin miqyasını bir daha nümayiş etdirdi. Bu problem hələ Qədim Romada özünü qabarıq göstərəndə, Sulla diktaturası dövründə “Dəbdəbə üçün vergilər” müəyyənləşmişdi. Sulla qanunvericiliyi mərasimlərə qədər xərclənəcək vəsaitin yuxarı həddini müəyyən edirdi.

Daha sonra gəlirlərin bölüşdürülməsi üçün qanunvericilik islahatları və azad bazar prinsiplərini pozmayan mexanizmlər tətbiq olundu.

Ümumiyyətlə, son 150 il faktiki olaraq ictimai və iqtisadi inkişafda həm qlobal miqyasda, həm də ölkələr miqyasında gəlirlərin bölüşdürülməsi əsas dilemmalardan biri olaraq gündəlikdən düşməyib. Sosial rifah dövlət paradiqması nə qədər PR olunsa da, bu gün yaranmış vəziyyət göstərir ki, problem daha da ciddiləşib. Ümid edək ki, Paris etirazlarından sonra bu problemin həlli üçün bütün dünyada daha ciddi addımlar atılacaq. Əks halda Paris kommunasının davamı kimi SSRİ-nin meydana çıxması ilə bağlı daha bir oxşar təcrübə yaranacaq”.

Zaur İbrahimli qeyd edib ki, heç kim yenidən “Avropa üzərində inqilab kabusu dolaşır” ifadəsinin obrazlı deyil, real şəkildə işlənməsini arzulamır.


Müəllif: Mənsur Rəğbətoğlu