16 Yanvar 2019 12:24
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı narkotik taciri El Çapo dövlət başçısı Enrique Pena Nietoya 100 milyon dollar rüşvət verib.

Teleqraf.com xəbər verir ki, bunu şahid Nyu-York məhkəməsində El Çapo ləqəbli narkobaron Xoakin Arçivald Qusman Loera ilə bağlı keçirilən prosesdə bildirib.

Şahid Aleks Cifuentes rüşvətin 2012-cı ildə verildiyini iddia edib.

Qeyd edək ki, Sinalo mafiyasının lideri olan El Çapo ABŞ-a daxil olan narkotik maddələrin ən böyük tədarükçüsü olub.

Əlavə edək ki, Enrique Pena Nieto 2012-2018-ci illərdə Meksika prezidenti olub.

61 yaşlı El Çapo kokain, heroin və digər narkotik maddələrin qaçaqmalçılığı iddiası ilə Meksikadan ABŞ-a ekstradisiya edilib. Hazırda onun məhkəmə prosesi Bruklində aparılır.

Məhkəməni izləyən jurnalistlərin dediklərinə görə, Meksika dövlət başçısı əvvəlcə narkobarondan 250 milyon dollar istəyib, daha sonra tərəflər 100 milyon dollar məbləğində razılıq əldə ediblər. Şahid iddia edib ki, narkobaronun adamları 2012-ci ildə 100 milyon dolları ölkənin paytaxtı Mexikoya aparıb.

Özünü El Çaponun “sağ əli” kimi təqdim edən kolumbiyalı narkotik qaçaqmalçısı Aleks Cifuentes narkobaronun ən yaxın çevrəsində olub və onunla birlikdə iki ildən çox Meksika dağlarında yaşayıb.

2013-cü ildə Meksikada həbs edilən Aleks Cifuentes ABŞ-a ekstradisiya edilib və prokurorlarla anlaşaraq barəsindəki narkotik qaçaqmalçılığı ittihamını qəbul edib.

El Çaponun vəkili Ceffrey Lictman isə Sinalo mafiyasının liderinin El Çapo deyil, İsmael El Mayo Zambada olduğunu iddia edib. Vəkilin iddiasına görə, Zambada Meksika hökumətinə rüşvət verərək, ədalət məhkəməsindən xilas olub. Onun fikrincə, bu sxemə Meksikanın sabiq başçısı Nieto və Felipe Kalderonda daxildir. Lakin sabiq Meksika rəhbəri bu iddiaları rədd edib.

Başqa bir mafiya üzvü isə verdiyi ifadədə indiki Meksika dövlət başçısı Adres Manuel Obradorun köməkçisinə 2005-ci ildə rüşvət verildiyini iddia etmişdi.

Aleks Cifuentes isə hələ ötən həftə verdiyi ifadədə daha bir çarpıcı faktı dilə gətirib. Mafiya üzvü deyib ki, El Çapo bir generala 10 milyon dollar rüşvət verilməsini əmr edib, ancaq daha sonra bundan imtina edərək generalın öldürülməsi haqda qərar çıxarıb. Lakin ölüm əmri yerinə yetirilməyib.


Müəllif: Cavad