16 Yanvar 2019 17:05
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəallar sosial şəbəkələrdə Ərdəbilin imam-cüməsi Həsən Amuliyə qarşı etiraz aksiyasına başlayıblar.

Teleqraf.com xəbər verir ki, güneyli fəallar İranın İnqilab Keşikçilər Korpusunun (Sepah) Həsən Amuli vasitəsi ilə azərbaycanlılara qarşı tədbir keçirməyə hazırlaşdığı barədə məlumat yayıblar.

Məlumatda qeyd edilir ki, “19 Yanvar mərasimi– Dünya müsəlman azərilərinin günü” adı altında keçirilməsi planlaşdırılan tədbir 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi milli bayramlara alternativ kimi nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycan türklərinin azəri və fars şiəçiliyinə aid müsəlman olduğu iddiası üzərində təşkil edilən tədbir Güney Azərbaycan və Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlib.

Tədbir barədə İnstaqram hesabında məlumat verən Həsən Amuli sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb.

Onun İnstaqram səhifəsində “Haray Haray mən türkəm”, “Mən türkəm”, “Biz azəri deyilik”, “Siz azərisiniz, biz türkük”, “Farslara nökərçilik etməyə son qoyun, Azərbaycanın türk olduğunu inkar etməyin” və s. kimi etiraz şüarları yazılıb.

Etirazçılar həmçinin Amulinin diqqətinə çatdırıblar ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür, bu təqvimdə Güney və Quzey Azərbaycanın birliyinə qarşı yeni bir günün yer almasına icazə verilməyəcək, belə bir gün qəbul olunmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu