19 Yanvar 2019 10:31
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Qəndil, Mahmur və Sincardan sonra İraqda dördüncü böyük düşərgəsini qurmağa hazırlaşır.

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, ABŞ bundan əvvəl Xalq Mücahidləri təşkilatının istifadə etdiyi düşərgəni PKK üçün yenidən qurmağı planlaşdırır.

Məlumdur ki, keçmiş İraq prezidenti Səddam Hüseyn 1986-cı ildə İran müxaliflərindən formalaşdırılmış Xalq Mücahidləri üçün nəhəng düşərgə qurmuşdu. Diyala vilayətində yerləşən Əşrəf düşərgəsində təşkilata hərbi-siyasi təlimlər keçirilirdi. Təşkilat PKK-ya qarşı radikal mövqeyi ilə də tanınırdı.

2013-cü ildən sonra düşərgəyə nəzarət ABŞ-a keçdi. Məlumata görə, bu ayın əvvəlindən Həşdi-Şabi birləşmələrini bölgədən uzaqlaşdıran ABŞ PKK silahlılarını düşərgədə yerləşdirməyə başlayıb.

İraq Silahlı Qüvvələrinin keçmiş zabiti, general Əbdüssalam Cəsim Türkiyə KİV-ə açıqlamasında bu barədə yayılan məlumatları təsdiq edib.

2013-cü ildə keçirilən hərbi əməliyyatda PKK-nın ABŞ-a dəstək verdiyini bildirən general qeyd edib: “Bir müddətdir fəaliyyətsiz qalan düşərgə PKK üçün hazırlanır. Terror təşkilatı bu düşərgədə yerləşərək, nüfuz dairəsini İraqın mərkəzi bölgələrinə qədər genişləndirə biləcək.

Beləliklə, ABŞ PKK-nı Türkiyənin ehtimal edilən hərbi əməliyyatlarından müdafiə edəcək”.

İraqlı general Əşrəf düşərgəsinin PKK terrorçularının Suriyadan İrana daşınması üçün dəhliz rolunu oynadığını da iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu