21 Yanvar 2019 14:47
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlin əvvəlindən etibarən Ermənistan cəmiyyətinin diqqəti yeni parlamentin üzərinə fokuslanıb. Cəmiyyətin müəyyən hissəsi ümidlidir, digər hissəsi isə yeni parlamentin şou göstərdiyinə inanır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzetində dərc olnmuş analitik məqalədə bildirilib.

Məqalə müəllifi qeyd edir ki, yeni parlament ilk iclasını cəmiyyətin problemlərinə yox, Ermənistan daxilində gedən siyasi proseslərə həsr etdi:

“Belə aydın olur ki, yeni hökumət hələlik sosial-iqtisadi problemləri həll etməkdə maraqlı deyil.

Digər yandan isə keçən ilin son günləri və bu ilin əvvəlində Ermənistanda gedən ictimai-siyasi proseslərə təsir edəcək ciddi hadisələr baş verdi. Baş nazir Nikol Paşinyanın Moskva səfərindən dərhal sonra keçmiş prezident Robert Köçəryanın həbs edilməsi, Rusiya Prezidenti Vladimir Putinin onu yeni illə bağlı təbrik etməsi, Rusiyadan satılan qazın qiymətinin artırılması daxili gərginliyin yüksəlməsi baxımından əhəmiyyətli faktorlardır. Bunların Rusiya-Ermənistan münasibətlərinə təsir edəcəyi qaçılmazdır”.

Məqalədə bildirilir ki, Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Köçəryan ətrafında maraqlı proseslər gedir:

“Robert Köçəryan ətrafında gedən proseslərin bazarlıq məsələsi olduğu üzə çıxdı. Hər iki tərəfin bu məsələdən istifadə etməyə çalışdığı açıq formada ortadadır. Köçəryanın həbsindən sonra Rusiyanın qazın qiymətlərini artırmaq istəyi, İrəvana verilmiş 300 milyon dollar kredit borcunun tələb edilməsi, hərbi-texniki əməkdaşlığa yenidən baxılması kimi Moskvanın gündəmə gətirdiyi məsələlər bura daxildir.

Köçəryanın həbsindən sonra Paşinyanın daxili reytinqinin yüksəldiyini görən Putinin Ermənistan hakimiyyətinə özgüvən verməsi onun bu ölkədə görülən işlərin əsas təşəbbüskarı olduğunu göstərir. Putin və rus dairələrinin daxildəki reytinqi yüksək olan Paşinyana praqmatik yanaşması diqqətçəkcidir. Lakin Moskva hələlik təzyiqləri açıq müstəvidə etmir, amma Paşinyanın daxili və xarici reytinqini aşağı salacaq bütün fəaliyyətləri dəstəkləyir.

Paşinyanın özü üçün də Moskva ilə əlaqələrin problemli olması kədərlidir. Buna görə də, 2018-ci ilin son hadisələrindən sonra Paşinyan Moskva ilə əlaqələrini müsbətə doğru dəyişdirməyə başladı.

Paşinyanın ən radikal pərəstişkarları belə ondan şübhələnməyə başlayıblar. Çünki Rusiya qazın qiymətini artırmaqla yanaşı, Ermənistanı KTMT-dəki mövqeyindən məhrum etməklə hədələyir. Paşinyan isə həm Rusiyaya yaxınlaşdığını hiss etdirmək istəmir, həm də öz daxili imicini qorumağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu