22 Yanvar 2019 09:01
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmiş prezident Robert Köçəryan Rusiya üçün işlənmiş “kartdır”. Digər yandan da Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Köçəryanın yenidən iqtidara gələ biləcəyi ehtimalı inandırıcı görünmür”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspert qeyd edib ki, son parlament seçkilərində “Köçəryan-Sərkisyan bloku”nun iflasa uğradığının şahidi olduq:

“Bu blok seçkilərdə parlamentə düşmək üçün lazım olan səsi toplaya bilmədi və parlamentin divarlarından kənarda qaldı. Bu, Ermənistanın keçmiş hakimiyyətinə olan bütün ümidləri puç etdi. İndi əsas ümid Paşinyan və onun formalaşdırdığı komandayadır.

Hər halda Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, rusyönümlü siyasətçi kimi qəbul olunmur. Paşinyan başa düşür ki, Ermənistanın iqtisadi inkişafı və bir dövlət kimi öz varlığını qoruması, Qərbə inteqrasiyadan asılıdır. Bu inteqrasiya nə qədər tez baş versə, Ermənistan üçün o qədər yaxşı olar. Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, onu da başa düşür ki, Ermənistanın Azərbaycanın bölgədə həyata keçirdiyi layihələrdən kənarda qalması onun ölkəsi üçün yaxşı heç nə vəd etmir. Düşünürəm ki, ABŞ prezidentinin müşaviri Con Boltonun məlum səfərində İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə Paşinyan səssiz qala bilməz”.

Elşən Manafovun sözlərinə görə, Nikol Paşinyan anlayır ki, Qərbdən lazım olan maddi dəstəyi almaq və ölkədə iqtisadi inkişafa nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsində güzəştə getməlidir:

“Boltonun Qarabağla bağlı İrəvandan tələbi göstərdi ki, ABŞ və Qərb Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Amma hələ də Rusiyanın Ermənistana təzyiq rıçaqları güclüdür. Buna görə də düşünürəm ki, yaxın gələcək üçün Ermənistan-Qərb münasibətləri Rusiyanı qıcıqlandıracaq həddə inkişaf etməyəcək. Bu zaman siyasi fiqur kimi Köçəryana ehtiyac qalmayacaq.

Putin başa düşür ki, Ermənistan cəmiyyətinin dəstəkləmədiyi Sərkisyan və Köçəryana dəstək vermək mənasızdır. O, artıq Köçəryanı müxalifət lideri kimi qəbul etmir. Bu baxımdan da düşünürəm ki, Sərkisyan və Köçəryanın yenidən siyasi meydana qayıtmaq gücləri yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu