22 Yanvar 2019 07:18
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vldimir Putinin reytinqi düşüb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu, Yeni il bayramından sonra Rusiyanın iki sosioloji təhlil xidmətinin apardığı sorğunun nəticəsində məlum olub.

Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin (VSİOM) yanvarın 13-də keçirdiyi rəy sorğusu Putinin reytinqinin 2006-cı ildən bəri ən aşağı göstərici olan 33,4 faizə düşdüyünü göstərib.

2018-ci ilin dekabrında onun reytinqi 36,5 faiz idi.

Sorğuda ikinci və üçüncü yerləri müdafiə naziri Sergey Şoyqu (13,7%) və Xarici İşlər naziri Sergey Lavrov (9,3%) tutublar - onların da reytinqi müvafiq olaraq 2,3% və 2,4% düşüb.

Vladimir Putinə etimad reytinqinin maksimum göstəricisi 2015-ci ilin martında 65 faiz olub, bu isə o deməkdir ki, o vaxtdan bəri Rusiya prezidentinə etimad göstərən rusiyalıların sayı təxminən iki dəfə azalıb.

Rusiyanın "İctimai rəy" fondu (FOM) tərəfindən fərqli metodika ilə keçirilmiş daha bir rəy sorğusu isə Putinin reytinqinin dekabr ayı ilə müqayisədə 60 faizdən 57 faizə düşdüyünü aşkar edib.

Politoloq Konstantin Kalaçov səbəbi camaatın "prezidentdən bezməsində" görür.

"Putinə, gördüyü işlərinə görə "sağ ol" deyib onunla vidalaşmaq istəyənlərin sayı artır", - ekspert qeyd edir.

O hesab edir ki, camaat Putindən artqı doyub, yorulub və onlar dəyişikliklər istəyirlər.

Politoloq Abbas Qəlləmov da rusiyalılarda yenilənməyə tələbatın artdığını qeyd edib.

"Həyat səviyyəsi enirsə, nəyisə dəyişmək istəyi yaranır. Bu hiss güclənməkdə davam edəcək. Bu, perspektivin olmaması hissindən yaranır", - politoloq izah edib.


Müəllif: Teleqraf.com