28 Avqust 2014 17:24
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəs o Marqareti xoşbəxt edə bildi? Bir şey dəqiq məlumdur, o, Meqqini baş nazir etdi...

“Bəli, bank hesablarımız ayrıdır, çarpayılarımız da, həmçinin”...

Bu qadın haqda deyirdilər: “Böyük Britaniyanın iki xəzinəsi var, onlardan biri neft, digəri Marqaret Tetçerdir”.

Bu xanım ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, Britaniya cəmiyyətinin düşüncə tərzinə də təsir etdi. Məqsədyönlü qadınlar üçün Tetçer etalona çevrildi, beləcə, onun yolu ilə getmək istəyən xanımların sayı artdı.

Ona cib xərcləri üçün həftəyə iki pens, ad günü və bayramlarda isə bundan azca çox verirdilər. Əyalət şəhəri Qranthemdə anadan olan baqqal və dərzi qızı Meqqi Roberts 1925-ci ilin 13 oktyabr tarixində isti su və ayaqyolunun olmadığı mənzildə anadan olub. Anası Meqqiyə yemək bişirməyi, tikməyi, evdarlıq işlərini öyrətdi, ancaq qızının ürəyinə yol tapa bilmədi...

Böyük qızı Müriel isə anasına bənzəyirdi, Meqqidən fərqli olaraq, o, atasının qızı idi. Marqaret atası Alfred Robertsə oğlu əvəz etdi.

Alfred Roberts bu balaca, tərs, dikbaş qızcığazda gələcək liderə xas xüsusiyyətlər sezməyə başlamışdı. Ata daim qızına məsləhət verirdi: “Bu həyatda hər şeyə əməklə nail olmaq olar”. Alfred Roberts, həmçinin, “mən bacarmaram”, “bu çox çətindir” sözlərini də qəbul etmirdi. O, daim təkrar edirdi: “Özünə güvən, özün ol. Heç vaxt heç nəyi dostların edir deyə etmə, heç zaman kütlənin arxası ilə getmə, başqalarına bənzəmə, kütləni öz ardınca apar!”...

Meqqi başqalarına bənzəmədi. On yaşı olanda şeir müsabiqəsində qalib gəldi. Məktəb direktoru onu: “Bəxtiniz yaxşı gətirdi, Marqaret” - sözləri ilə təbrik edəndə - “Yox, bu uğur deyildi, mən bu qalibiyyətə layiq idim” – Marqaret özünəəmin səslə direktora etiraz edir.

Qızcığaz kinoya, rəqs dərslərinə getmirdi, çünki atası bunları yolverilməz cah-calal hesab edirdi.

O, məqsədinə doğru gedirdi, Somervil kollecində - Oksfordun ən yaxşı qadın kollecində təqaüd almağı qarşısına məqsəd qoyan Marqaret istəyinə nail olur!

Bir dəfə hansısa imtahanlarına birində güclü tufan qopur, tufanı Meqqidən savayı hər kəs hiss edir və uzun zaman unutmur. Marqaret isə, həmişəki kimi, “əla” verdiyi imtahandan sonra: “Bəyən tufan qopmuşdu?” - soruşur.

Məhdud imkanlarının olmasına baxmayaraq, Marqaret Oksforda da yol tapa bildi...

Artıq 25 yaşında parlamentə üzv olmaq üçün namizədliyini irəli sürdü. Seçkiqabağı kompaniyada miss Roberts seçicilərin qəlbinə yol tapa bilməsə də, varlı iş adamı Denis Tetçerin qəlbini ovsunlamağı bacardı. 1951-ci ildə Marqaret imkanlı pərəstişkarı ilə ailə həyatı qurdu. Platon demişdi ki, hər bir insan dövlətə xeyiri olan nikah bağlamalıdır. Miss Roberts nə etdiyini yaxşı bilirdi...

Xanım Tetçerin rəfiqələri qeyd edir ki, Denis Marqaretin ən böyük uğuru idi və onsuz Meqqi heç nəyə nail ola bilməzdi. Denis Tetçer maraqlı həmsöhbət idi, o, iştirak etdiyi istənilən məclisin mərkəzinə çevrilməyi bacarırdı. Bəs o Marqareti xoşbəxt edə bildi? Bir şey dəqiq məlumdur, o, Meqqini baş nazir etdi...

Kişilər Denis Tetçerə paxıllıq edirdi. Onun xanımı qənaətcil idi, o, pullarının qədrini bilirdi. Qış paltosuna astar lazımdır? Köhnə pərdələrdən istifadə etmək olar. Mənzili təmir etmək lazımdır? Özüm edərəm. “Qənaətcillik və yenə də qənaətcillik” – o təkrar etməyi sevirdi. Uşaq vaxtı valideynlərinin həftəyə verdiyi iki pensi də Marqaret eyni qənaətlə toplayırdı. Pullar işləməlidir – atası onu belə öyrətmişdi...

Səhər yeməyinə bir stəkan şirə və kofe. Nahar ayaqüstü, bəzən birbaşa banka və ya qablaşdırmadan, iş vaxtı – gecəyarıya, bəzən isə səhərə qədər. Rəsmi danışıq və qəbullarda hamı içir və yeyir, tək ondan savayı. Məzuniyyət? O nə deməkdir? Pasxa bayramında Londonun üçüncü hava limanının tikintisinə dair məruzə üzərində işləmək, Milad bayramında atom energetikasına dair məruzəni öyrənmək. Başqa cür ola bilər? İstirahət iş ritmini pozur. Düzdür, operaya getmək, royalda çalmaq və ya detektiv oxumaq olar. Amma istisna hallarda...

İyirmi səkkiz yaşında fasilə etmək məcburiyyətində qalır. Doğuş sancısı nəzərdə tutulmuş vaxtdan yeddi həftə öncə - 1953-cü ilin avqustunda başlamışdı. Denis evdə deyildi. Marqaret özü xəstəxanaya yollanır və əkizlərini dünyaya gətirir. Qızı Kerol və oğlu Markı...

Marqaret deyir: “Ümid edirəm ki, gələcəkdə ailə və karyeranı bir yerə sığışdırmağı bacaran qadınların sayı artacaq. Bəzən bizim cinsin nümayəndələri zəiflik göstərir və özlərini təsdiq etməkdə tənbəllik çəkirlər”.

Övladlarının dünya gəlməsi və az qala xanımını itirə biləcəyi xəbərini Denis sabahı günü alır. O, sutkada 16 saat işləyən Meqqinin yaratdığı ailəyə bir o qədər bağlı deyildi. Bir dəfə jurnalistlər Denis Tetçerə Marqaretlə bank hesablarının ayrı olub-olmaması barədə sual vermişdilər. - “Bəli, bank hesablarımız ayrıdır, çarpayılarımız da, həmçinin”...

D. Tetçer məşhur xanımının kölgəsində qalırdı. Evdə baş tutan qəbul və ziyafətlər zamanı o, qolf oynayırdı.

“Mən dünyanın ən gözədəyməz əriyəm” – Denis özü üçün söyləyirdi. Bununla rəğmən, ər-arvad yaxın dost idilər.

Lakin M. Tetçerin kişilərə nifrət etməsi fikri yanlışdır, o, qadın olmağı da bacarırdı. Saçlarını qaydaya salmaq üçün saatlarla güzgü qarşısında vaxt keçirə bilərdi.

Altmış yaşında o deyirdi: “Saç düzümümə vaxt ayırmaq üçün yuxumu qurban verə bilərəm. Yaşlı, solğun vaxtlarında da açıq rəngli dodaq boyasına sadiq idi.

Marqaret Tetçerin “Dauninq-stritdəki illər” xatirə kitabı bestsellerə çevrildi. Şəxsi həyatı barədə çox yazmasa da, kitabın müəllifi bəzən parlaq qırmızı paltar geyinməyi çox arzuladığını, amma bunun etika qaydalarına zidd olduğunu qeyd edir...

Bəli, Marqaret bəzən öz həqiqəti ilə kişiləri qorxudurdu. “Kimsə məni öz istəyimə qarşı hərəkət etməyə məcbur edəndə özümü dözülməz hiss edirəm. Mən sürü lideriyəm. Amma sürünü öz ardı ilə aparmağı bacarmayan lider nə liderdir ki? Əgər onlar mənim qabağımda olsaydılar, onlar lider olardılar”.

Amma Dəmir ledi yeri gələndə, kişi həmkarlarına xoş söz deməyi bacarırdı. Nəzərə almalıyıq ki, xanım baş nazir kişilərin əhatəsini üstün tuturdu, çatışmazlıqlarına baxmayaraq, onlardan çox şey öyrənirdi...

/publika.az/


Müəllif:

Oxşar xəbərlər