Belarus Prezidenti Aleksandr Lukaşenko yenidən gənc nəsli tənqid edib və məktəblərdə əmək təlimini genişləndirməyin vacibliyini vurğulayıb. Onun fikrincə, orta məktəbdə əmək təlimi gəncləri həyata hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezident deyib: “Siz bizim uşaqlara baxın. Mən onların necə evlənəcəklərini bilmirəm. Niyə onları arvadları evlərindən qovur və ailələri dağılır?
Bəli, ona görə ki, onlar bacarıqsızdırlar! Çilçıraqdakı lampanı dəyişə, çaydanı və qəhvədanı düzəldə bilmirlər. Niyə işə yaramadıqlarını da başa düşmürlər.
Çəkicin, baltanın, mişarın nə olduğunu, onlarla necə rəftar etməyi bilmirlər. Bunları ki bizə məktəbdə öyrədiblər. Qızlar niyə yumurta bişirməyi bacarmır, bir düyməni tikə bilmirlər?”
Prezident hesab edir ki, məktəblərdə bədən tərbiyəsi ilə bağlı da problemlər var.
O, qeyd edib ki, uşaqları sağlam həyat tərzinə cəlb etmək, onları müxtəlif idman növlərində hazırlamaq lazımdır.