Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Azər Süleymanov Tiflisdə parlamentin yaz sessiyasının ilk iclasında Mixail Avakyanın büstünün qoyulması məsələsi ilə bağlı çıxış edib.
Teleqraf.com gürcü KİV-ə istinadən xəbər verir ki, o, çıxışında yanvarın 20-də – dünyada yaşayan azərbaycanlılar üçün Ümumxalq Hüzn Günündə separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və hökuməti bununla bağlı ciddi addım atmağa çağırıb:
“20 Yanvarda – dünyada yaşayan azərbaycanlılar üçün Ümumxalq Hüzn Günündə Gürcüstan torpağında əli yalın insanlara qarşı vuruşan və Azərbaycan xalqının düşməni olan Mixail Avakyana büst qoyulub. Nəyə görə bu büst qoyulub? Ən pisi də budur ki, büstün açlışında Gürcüstan parlamentinin deputatları, bələdiyyə sədri, meri və Ermənistanın ölkəmizdəki səfiri iştirak edib. Bu xalq arasında böyük bir narahatlıq və ajiotaj yaratdı. Cənab Kobaxidze, sizin deputatlarınız orada iştirak edib və mən istəyirəm ki, siz buna qiymət verəsiniz”.
Deputat həmçinin, sözügedən büstün sökülməsi tələbi ilə çıxış edib:
“Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaraşmayan o büst oradan götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrarlanmasın”.
Parlamentin sədri İrakli Kobaxidze isə buna cavab olaraq deyib:
“Biz istəmərik ki, ölkələrimiz arasında bu kimi hallar əlaqələrimizə, dostluğumuza zərər gətirsin. Düşünürəm ki, biz bu məsələ ilə bağlı iki ölkə arasında müzakirələr aparacağıq və imkan verməyəcəyik ki, mövcud olan möhkəm əlaqələrimizə mənfi təsirlər etsin”.