Qondarma Luqansk Xalq Respublikası və Cənubi Osetiyanın parlament sədrləri əməkdaşlığa dair saziş imzalayıb.
Teleqraf.com xəbər verir ki, sənədə Luqansk tərəfdən Xalq Sovetinin sədri Denis Miroşniçenko, Cənubi Osetiya tərəfdən isə parlamentin spikeri Pyotr Hassiyev imza atıb.
“İstənilən sənəd xalqlarımızın rifahının yaxşılaşdırılmasına yönəlib, bu istiqamətdə fəaliyyət göstərəcəyik”, – deyə Hassiyev jurnalistlərə deyib.
Miroşniçenko əlavə edib ki, Cənubi Osetiya ilə əməkdaşlıq ictimai təşkilatların xətti ilə həyata keçiriləcək, amma əsas diqqət parlamentarilərin işinə yönəldiləcək.
Luqansk “rəsmisi” onları tanıdıqları və dəstək verdikləri üçün Cənubi Osetiya xalqına və hakimiyyətinə təşəkkür edib.
Qeyd edək ki, Cənubi Osetiya öz müstəqilliyini elan edən “Donetsk Xalq Respublikası” ilə “Luqansk Xalq Respublikası”nın müstəqilliyini 2014-cü ildə tanıyıb.
Həmin il Sxinvali ilə adı çəkilən qondarma respublikalar arasında “diplomatik əlaqələr” qurulub.
Donetsk və Luqanskda Cənubi Osetiyanın nümayəndəliyi, Sxinvalidə isə bu “respublikalar”ın təmsilçiləri fəaliyyət göstərir.