ABŞ dövlət katibi Mayk Pompeo 11-15 fevral tarixlərində Macarıstan, Slovakiya, Polşa, Belçika və İslandiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, dövlət katibinin səfəri Macarıstandan başlayacaq.
Fevralın 11-də Budapeştə gələcək ABŞ-ın baş diplomatı Macarıstan baş naziri ilə müzakirələr aparacaq.
Fevralın 12-də Pompeo Bratislavada Slovakiya prezidenti ilə müzakirələrə başlayacaq. Həmin gün Varşavaya gələcək Pompeo polşalı dövlət rəsmiləri ilə fikir mübadiləsi aparacaq.
Rusiya sərhədləri yaxınlığında yerləşən ölkələrlə müzakirələri başa vuracaq Pompeo daha sonra Brüsselə yola düşəcək, burada Avropa Birliyinin xarici əlaqələr komissarı Mogerini ilə görüşəcək.
Brüssel təmaslarından sonra isə Pompeo İslandiyanın paytaxtı Reykyavikə gələcək.