“Daşnaksütyun” son prosesdə uduzan tərəfdir. Odur ki, imkan yaranan kimi sərt müxalif mövqeyini ortaya qoyacaq. Nəzərə alaq ki, “Daşnaksütyun” Ermənistanda seçkidən-seçkiyə səs faizlərini itirirdi. Sonuncu seçkidə isə ümumiyyətlə parlamentə düşə bilmədi. Reallıq odur ki, Qarabağ klanı Ermənistanın boynunda ağır yükə çevrilib və imkan vermir ölkə ayağa qalxsın. Hiss edirlər ki, yeni hakimiyyət populist olsa da, reallıqları anlaya bilir. Bu reallıqlar Yerevan hakimiyyətini məcbur edə bilər ki, daha çox yerli erməniləri düşünsün, nəinki Qarabağ klanını və ya xaricdə oturan “Daşnaksütun” nümayəndələrini...
Bu fikirləri Teleqraf.com-a millət vəkili Rasim Musabəyov “Daşnaksütyun” Erməni İnqilab Federasiyasının Xankəndində keçirilən qapalı yığıncağı haqda danışarkən deyib.
Qeyd edək ki, iclasda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət, Ermənistanın indiki rəhbərliyinin bu məsələdə mövqeyi müzakirə olunub. Həmin toplantı eyni zamanda Nikol Paşinyana mesaj və xəbərdarlıq mənası daşıyır. Bu, daşnakların 30 il ərzində Qarabağda keçirdikləri ilk toplantıdır.
Rasim Musabəyova görə, Paşinyan anlayır ki, Dağlıq Qarabağda səhra komandirlərinə bağlı qüvvələr var. Onlardan Ermənistana gətirib terrordan tutmuş sui-qəsd hadisələrinə qədər bir çox sahədə istifadə edə bilərlər: “Bu mənada Paşinyan Qarabağ klanını yalnız Ermənistanda neytrallaşdırmaqla kifayətlənməyəcək. Dağlıq Qarabağda da Qarabağ klanının mövqeyini zəiflətmək istəyəcək. Məhz bu səbəbdən də daşnaklar açıq deyirlər ki, 2018-ci ilin aprelində Yerevanda baş verənlərin Dağlıq Qarabağda təkrarlanmasını istəyən qüvvələr var”.
Millət vəkili qeyd edib ki, 2019-cu ilin aprelində Ermənistanda inqilabın 1 ili tamam olacaq və bu zaman müəyyən qüvvələr Nikol Paşinyandan hesabat tələb edə bilər: “İndi Paşinyan komandası deyir ki, nə olsun biz təcrübəsizik, amma Ermənistandakı vəziyyət əvvəlki illərdən pis deyil. Ölkədə yaxşılığa doğru ciddi dəyişiklik baş verməsə də, oliqarxların sıxışdırılması, rüşvətə qarşı addımlar və müəyyən həbslərin aparılması rəsmi təbliğatın əsas motivinə çevrilib.
Düşünürəm ki, Paşinyan kifayət qədər bacarıqlı populistdir və bir müddət bu rolu oynaya biləcək.
Ancaq reallıq odur ki, camaatın yaxşı yaşayacağı haqda vədlərlə bağlı günün birində Paşinyandan hesabat sorulacaq.
Paşinyan son seçkiləri nəzərə alaraq deyir ki, hökumət kimi fəaliyyətə yanvar ayından başlayıblar. Bu mənada hesab edirəm ki, 2019-cu il onun üçün möhlət ilidir. O, müəyyən dəyişikliklər etməlidir.
İş ondadır ki, Paşinyana xaricdən heç kim pul vermir. Ona açıq deyilir ki, istər korrupsiyaya qarşı dava aç, istər demokratiyanın zirvəsinə çat, amma qonşularla münasibətləri normallaşdırmadan Ermənistana heç kim investisiya gətirməyəcək.
Üstəlik Azərbaycanla əlaqələri yoluna qoymadan rusun ətəyindən yapışmalı olacaqsan. Buna gedilməsə, sözsüz ki, problemlər tədricən özünü büruzə verməyə başlayacaq. Həm də indi Ermənistan aldığı borc hesabına əvvəlki illərin borclarını bağlayır. Gələn il 800 milyon xarici borc ödəməlidir. Bu mənada Ermənistan 2020-ci ildə ciddi maliyyə böhranı ilə üzləşə bilər”.
Deputat qeyd edib ki, Ermənistandakı indi müxalifətə keçən qüvvələrin Paşinyana qarşı demarş göstərmək imkanları var: “Sabah Paşinyan hökuməti 800 milyon borcu qaytarmaq üçün devalvasiyaya getməli olsa, insanların güzəranı qəfil pisləşə və narazılıqlar qabara bilər.
Bu zaman sözsüz ki, “Daşnaksütyun” da, Respublika Partiyası da vəziyyətdən istifadə etməyə çalışacaq.
Nəzərə alsaq ki, hökumət bu qüvvələri yerində oturtmaq üçün Dağlıq Qarabağda gücdən istifadə etmək istəyində olsa, qarşıdurma yarana bilər.
Paşinyan onu da anlayır ki, Qarabağ danışıqlarını ölü nöqtədən tərpədib normal danışıqlar formatına gətirmək lazımdır, ancaq bu həm də ona qarşı olan qüvvələrin Qarabağ kartından bəhanə kimi istifadə etməsinə şərait yaradır.
Bu baxımdan Paşinyan hökumətinin vəziyyəti olduqca mürəkkəbdir”.