Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri özündən sonrakı seçkilərin xəbərçisi ola bilər. Bu seçkilərdə müxalifət partiyası irəliləyiş əldə etsə, bu, növbəti seçkilərdə müxalifət partiyalarının daha çox səs əldə edəcəyi xəbərdarlığına çevriləcək.
Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib: “Bələdiyyə seçkilərindən sonra yeni bir seçki gözlənilmir. Bu səbəbdən Türkiyədə siyasi partiyalar seçkilərə daha ciddi hazırlıq nümayiş etdirirlər. Növbəti seçkilərin 2-3 ildən sonra keçiriləcəyini nəzərə alan qüvvələr ona qədər daha çox bələdiyyə yeri qazanmaq niyyətindədir”.
Siyasi şərhçi hesab edir ki, Türkiyədə yerli seçkilərin özü mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, bu ölkədə bələdiyyələrin böyük səlahiyyətləri var və hakimiyyətə gəlməyin yolu insanlara xidmətdən keçir. Bu seçkilər həm də xalqın prezident Ərdoğana nə dərəcədə dəstək verib-verməyəcəyini göstərəcək. Fikrimcə, Ədalət və İnkişaf Partiyası seçkilərin nəticəsində xalqın içində olan dayaqları haqqında dəqiq informasiya əldə edəcək”.
Fərhad Mehdiyevin fikrincə, indiki halda Türkiyənin hakimiyyət partiyasından deyil, “Millət İttifaqı”ndan danışmaq lazımdır: “Əslində son prezident seçkiləri göstərdi ki, MHP olmadan AKP təkbaşına hakimiyyət əldə edə bilmir. Odur ki, belə bir koalisiyaya ehtiyac yaranıb. Artıq koalisiyasız AKP hakimiyyəti dövrü keçib. AKP indi MHP ilə birgə hərəkət etməyə məcburdur.
Əgər son aylar Türkiyədə iqtisadi böhran, inflyasiya özünü göstərməsəydi, vəziyyət əvvəlki seçkilərdə əldə olunan səs faizinə uyğun ola bilərdi. İndi Türkiyədə iqtisadi durum bir qədər də çətinləşib. Düzdür, valyuta məzənnəsində dalğalanmanın qarşısı alınıb, amma ümumiyyətlə Türkiyədə iqtisadi durum ağırlaşıb, biznesmenlər böhran haqqında danışır, bəziləri ölkədən valyutanı çıxarmaq istəyir. Ümumilikdə bazarda iqtisadi durğunluq var. Bu durğunluq “Millət İttifaqı”nın nəticələrinə mənfi təsir göstərə bilər”.
Fərhad Mehdiyevə görə, Türkiyə seçkilərində kürdlər vacib faktor kimi qalır: “Ölkənin cənub-qərb hissəsində insanların kimə səs verəcəyi önəmlidir. Bu ərazilərdə məskunlaşan insanlar adətən MHP-yə səs vermir, amma AKP-yə səs verdiyi dövrlər olub.
Hazırda AKP-nin siyasəti PKK və onu dəstəkləyən HDP-nin üzərinə düşür, bu partiyanın PKK və YPG ilə eyni xətdə olduğunu elan edir.
Burada məqsəd kürd səslərini əldə etməkdir. Yəni AKP kürd seçicisinin də səsinə iddia edir. Lakin seçkilərdə kimin qalib gələcəyini konkret demək çətindir. Həm də cənub-qərb regionunda seçicinin kimə səs verəcəyindən asılı olmayaraq “Millət İttifaqı” ümumi ölkə boyu daha böyük səs əldə edə biləcək”.