Türkiyə Böyük Millət Məclisinin sədri, Ədalət və İnkişaf Partiyasının İstanbuldan bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım şəxsi həyatı, həyat yoldaşı ilə tanışlığı barədə danışıb.
Teleqraf.com “Habertürk”ə istinadla xəbər verir ki, parlament sədri həyat yoldaşı Səmiha Yıldırımla qohum olduğunu söyləyib.
“Səmiha xanımın babasının atası ilə mənim babamın atası qardaşdır. Əvvəldən tanış idik. O, ibtidai sinif müəllimliyi üzrə təhsil aldı, mən İstanbula gəldim”.
Binəli Yıldırım təhsillərini başa vurandan sonra ailə qurmağa qərar verdiklərini deyib:
“Mən İstanbul Texniki Universitetində tələbə idim, Səmiha xanım da Bakırköy Kirazlı Vəliqapı deyə yer var, orada ibtidai sinif müəllimi idi. Şagirdlərini həddən çox sevirdi, bir dəfə xəstəydi, dərslərin boş keçəcəyindən narahat idi, təklif elədim ki, məktəbə gedib dərsi əvəz edim.
Sinfə daxil olanda qarışıqlıq idi, uşaqlar bir-birinin saçını yolurdu, mənim gəldiyimdən heç xəbərləri olmadı. Yazı taxtasına vurdum, qışqırdım, heç əhəmiyyət vermədilər. Birdən bir uşağı götürüb yuxarı qaldırdım, sükut çökdü, hamı mənə baxdı, sonra uşağı yerə qoydum. Dərsi izah eləməyə başladım, amma uşaqlar heç bir reaksiya vermirdi. Dərs qurtardı, evə gələndə həyat yoldaşım dərsin necə keçdiyini soruşdu. Mən də yaxşı keçdiyini, həll etdiyimi söylədim. Səmiha xanım işə çıxanda direktor “sənin dərsini əvəz edən bəy kim idi” deyə soruşanda, o da “həyat yoldaşım” cavabını verib. Direktor da qayıdıb ki, “sən ona de ki, dərs boş keçsin, amma gəlməsin...”