ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.
İclasda çıxış edən senator Ceyven Mesnard senatorlara Azərbaycan haqda məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb.
Daha sonra C.Mesnard Azərbaycanın Los-Ancelesdəki baş konsulu N.Ağayevi senatorlara təqdim edib.
Arizona ştatına işçi səfəri çərçivəsində baş konsul N.Ağayev, həmçinin Arizona Ştat Senatının sədri Karen Fan, Arizona Ştat Nümayəndələr Palatasının spikeri Rassel Bouers və bir sıra digər Senat və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər keçirib.
Qeyd edək ki, 2013-cü ildən bəri Arizona Ştat Senatı və Nümayəndələr Palatası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Xocalı soyqırımını pisləyən, ölkəmizin strateji önəmini və multikulturalizm ənənələrini təqdir edən bir çox qətnamə və bəyannamələr qəbul edilib.
Arizonaya səfəri müddətində baş konsul N.Ağayev ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) dəvətilə təşkilatın illik toplantısına qatılaraq, Arizonadan olan ABŞ senatorları və konqresmenləri ilə də görüşüb.