Smartfon və pleyerlərlə musiqini uca səslə dinləyən dünyanın 12-35 yaşlı əhalisinin təxminən yarısı (təqribən 1,1 milyard nəfər) eşitmə qabiliyyətini itirmək riski ilə üzləşə bilər.
Teleqraf.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) martın 3-də qeyd edilən Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü ərəfəsində bu qurğu istehsalçıları və istifadəçiləri üçün tövsiyələr dərc edib.
Tövsiyələrdə təklif olunur ki, smartfonlar və rəqəmli audio-pleyerlər üçün quraşdırılmış sistem audionun dinlənilmə müddətini və səsin səviyyəsini müəyyən etsin, dərəcə çox olan zaman səs ucalığını avtomatik endirsin və valideynlərə onların uşaqlarının dinlədiyi musiqinin səs ucalığını tənzimləməyə imkan versin, eləcə də istifadəçilərə eşitmə üçün risk olmadan audionu necə dinləmənin mümkün olması barədə ümumi məlumat təqdim etsin.
ÜST-ün məlumatına görə, planet əhalisinin təxminən 5 faizi (466 milyon nəfər) eşitmə ilə bağlı ciddi problemlərdən əziyyət çəkir. Onların əksər hissəsi orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə yaşayan yaşlı insanlardır. 2050-ci ildə isə hər on nəfərdən birinin bu problemlə üzləşəcəyi proqnozlaşdırılır.