Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini dərc edib.
Publika.az xəbər verir ki, söhbət 2019-cu il yanvarın 28-də kriminal avtoritet Taleh Əliyevə sui-qəsd edən killerlərdən gedir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 23 yaşlı kişi və onun 39 yaşlı cinayət yoldaşı Azərbaycan vətəndaşlarıdır.
Xatırladaq, ötən ayın 28-də 39 yaşlı yerli sakinə hücum olub. Kişini yaşayış evinin həyətində güllələyiblər. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib. İstintaqın məlumatına görə, məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) nümayəndəsi sui-qəsdin sifarişçisidir. Beləliklə, o, bazar biznesi üzərində nəzarət uğrunda mübarizə aparırdı.
Bu fakt üzrə cinayət işi qaldırılmış və cinayətkarların şəxsiyyəti müəyyən edilmişdi.
Sui-qəsdin yeni təfərrüatları “Mash” Teleqram-kanalına məlum olub. Məlumata görə, Lotu Qulinin Rusiyadakı inanılmış adamı Vasif Dünyamalıyev Xantı-Mansiysk muxtar vilayətinə gələrək yerli bazarlara nəzarət üçün razılaşma əldə etmək istəyib. Lakin o, avtoritet Taleh Əliyevdən rədd cavabı alıb. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.