ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatı Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcək. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, fevralın 25-də Nyu-Yorkda yerləşən Yəhudi Tarixi Muzeyində Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqrımına həsr edilmiş “Nəzər yetirmək və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq.
Gecədə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderləri, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, BMT-nin rəsmi şəxsləri, Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diaspor üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və ABŞ-dakı Azərbaycan diasporu da daxil olmaqla, təxminən 150 nəfərin iştirakı gözlənilir.
Müxtəlif panellərdə çıxış edəcək şəxslər soyqırımı, insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı, bu cür halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə danışacaqlar.
Qeyd olunur ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq 2018-ci ilin noyabr ayında dövlət komitəsi sədrinin ABŞ-a səfəri zamanı qurulub və bu əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.