24 Fevral 2019 18:50
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də Tokiodakı Milli Teatrda 85 yaşlı Yaponiya İmperatoru Akihitonun taxta çıxmasının 30-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasim NHK telekanalı ilə birbaşa yayımlanıb.

Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe deyib: “Biz bu mərasimi yapon xalqı ilə birlikdə həmin əlamətdar tarixi qeyd etmək üçün keçiririk. İmperator 30 il ərzində həmişə xalqla birlikdə olub”.

2016-cı ilin avqustunda İmperator Akihito televiziya vasitəsilə xalqa müraciət edərək, yaşının keçməsi səbəbindən taxtı vəliəhdə təhvil vermək istədiyinə işarə vurub.

Lakin Yaponiyanın müasir qanunvericiliyində – ölkə konstitusiyasında və İmperator evi barədə qanunda İmperatorun sağlığında taxtı təhvil verməsi nəzərdə tutulmayıb.

Ötən ilin iyununda Yaponiya parlamenti indiki İmperatorun taxtı vəliəhdə təhvil verməsini nəzərdə tutan xüsusi qanun qəbul edib. 2017-ci ilin dekabrında İmperator ailəsi üzrə komissiya İmperator Akihitonun istirahətə getməsi vaxtını aprelin 30-na təyin edən qərar qəbul olunub. Vəliəhdin taxta çıxması günü isə mayın 1-nə təyin edilib.

İmperator Akihito 1989-cu ilin yanvarında taxta çıxarkən Yaponiyada Heysey dövrü - sülhün bərqərar olduğu dövr başlayıb və bu gün də davam edir.

Yaponiyanın növbəti İmperatoru Akihitonun böyük oğlu, 59 yaşlı vəliəhd-şahzadə Naruhito olacaq. Hökumət yeni dövrün adını aprelin 1-də elan edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər