“Belarus nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyinə təsdiq edilmədi. Halbuki Rusiya ilk günlərdən Belarus nümayəndəsinin baş katibliyə gəlməsinə icazə vermişdi. Hətta bu ölkənin Təhlükəsizlk Şurasının katibi general Stanislav Zaas KTMT-yə üzv dövlətlərin başçıları ilə görüşərək razılaşma əldə etmişdi. Lakin gözlənti özünü doğrultmadı”.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert hesab edir ki, Rusiya prezidenti siyasi gedişlər edərək, Ermənistanı öz orbitində saxlamaq üçün Baş nazir Nikol Paşinyanın xahişini yerinə yetirərək, bu postu Belarusa vermədi:
“Artıq aydın olur ki, baş katiblik nə Ermənistanda, nə də Belarusda olacaq. 2020-cil ilə qədər Rusiya nümayəndəsi KTMT-yə rəhbərlik edəcək.
Başqa sözlə, Putin prosesi Rusiyanın xeyrinə çevirə bildi. Bu isə onu göstərdi ki, təşkilat daxilində ciddi siyasi fikir ayrılıqları var, kollegial fikir birliyi yoxdur.
Qənaətimə görə, bu postun Zaasa verilməməsi Belarus prezidentinin son çıxışlarında Rusiya əleyhinə səsləndirdiyi sərt fikirlərdən irəli gəlir. Həmçinin Putin bu postu Ermənistanın yeni nümayəndəsinə ona görə vermədi ki, İrəvan keçmiş baş katib Yuri Xaçaturova qarşı cinayət işini açmaqla, ittifaqın imicinə ciddi zərbə vurdu”.
KTMT-nin güclü hərbi-siyasi ittifaq olmadığını iddia edən Məhəmməd Əsədullazadə bildirib ki, Vladimir Putin hakimiyyətdən getdikdən sonra bu təşkilat parçalanacaq:
“Bu təşkilatı ilk tərk edən Ermənistan olacaq”.