2 Mart 2019 18:39
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Tehranın “Milad” qülləsində Novruz bayramının UNESCO–nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi münasibətilə konsert proqramı təşkil olunub. Mərasimdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu da iştirak edib.

Teleqraf.com xəbər verir ki, konsertdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami, vitse-prezident, Milli irs, əl işləri sənayesi və turizm təşkilatının sədri Əliəsgər Munesan, vitse-prezident, milli kitabxana və arxiv təşkilatının rəhbəri, xanım Əşrəf Borucerdi, prezidentin qadın məsələləri üzrə müşaviri Şahindoxt Mövlaverdi, İranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Höccətullah Əyyubi, həmçinin Tehranda akkreditə olunmuş 70 ölkənin səfiri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

“Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimovun ifasında “Mənim Azərbaycanın”, “Heydər babaya salam” xalq mahnıları və təsniflər, zərb muğamı və ənənəvi olaraq sonda “Qarabağ şikəstəsi” səsləndirilib.

Konsertdə ifa olunan Azərbaycan mahnıları böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda İranın xarici işlər naziri M.C.Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov “Novruz dünyası” poçt markasını təqdim ediblər.

Xanəndə Mənsum İbrahimovu tarda Əməkdar artist Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər