Əlcəzairin hazırkı prezidenti Əbdüləziz Buteflika etirazlara rəğmən gələn ay keçiriləcək seçkilərdən yenidən namizədliyini irəli sürüb. Prezident bəyan edib ki, bu onun sonuncu namizədliyi olacaq.
Teleqraf.com xəbər verir ki, dünən axşam dövlət televiziyasında oxunan məktubunda prezidentin yenidən namizəd olacağı aydınlaşıb.
Prezident məktubunda qeyd edib ki, seçkilərdə qalib gələrsə, milli dialoq çağırışı edəcək, prezidentlik müddəti bitmədən yeni seçkilər keçiriləcək və həmin seçkilərdə özü namizəd olmayacaq.
Prezidentin bu addımından sonra çoxlu sayda əlcəzairli küçələrə çıxaraq etirazlara başlayıb.
On minlərlə insan aprelin 18-də keçiriləcək seçkilərdə indiki prezidentin namizədliyini irəli sürməməsini tələb edir.
Qeyd edək ki, Əbdüləziz Buteflika 20 ildir hakimiyyətdədir. 82 yaşlı prezident səhhətində müşahidə edilən narahatlıqlar səbəbindən 2013-cü ildən ictimai yerlərdə nadir hallarda görünür.