4 Mart 2019 10:18
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən 29 güney azərbaycanlı fəal saxlanılıb.

Teleqraf.com xəbər verir ki, milli-mədəni fəal Yusif Sələhşur İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən iş yerində saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bundan əlavə, Təbrizin “Traktor” klubu ilə İranın “Sepahan” komandası arasında baş tutmuş görüşdən sonra 29 soydaşımız stadiondan çıxarkən saxlanılıb.

Saxlanılanlardan hələlik 9 nəfərin kimliyi müəyyənləşib. Onlar Ehsan İsmayıldoxt, Mehdi Həmzei, Babək Siyami, Davud Mahmudi, Kərim Kərimi, Həmid Baği Beyrəq, Bəhram Azad, Hadi Abbaspur və Ramin Aradgərdir.

Saxlanılanlardan bəzilərinin Saib təcridxanasında döyüldüyü bildirilir. Onların barəsində daha ətraflı məlumat yoxdur. İranın təhlükəsizlik orqanlarından qanunsuz olaraq saxlanılan azərbaycanlı fəalların buraxılacağı bildirilsə də, hələlik bu barədə qərar verilməyib.

Qeyd edək ki, martın 1-də Güney Azərbaycanın “Traktor” və İranın “Sepahan” futbol komandaları arasında keçirilən görüş zamanı İrəvan-Tehran işbirliyinə etiraz olaraq, Azərbaycana dəstək nümayiş etdirilib. 50 min “Traktor” tərəfdarı oyun boyu “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirərək, işğalçı Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağırıb.

Stadionda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər