İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında Suriya prezidenti Bəşər Əsədin Tehrana gizli səfərindən danışaraq, bu səfərin nazirlik rəhbərliyindən məxfi saxlanılmasından gileylənib.
Teleqraf.com-un məlumatına görə, o bildirib ki, nazir Cavad Zərifin istefa verməsi də bu səfərin ondan və Xarici İşlər Nazirliyindən gizli saxlanılması səbəbindən olub:
“Xarici İşlər Nazirliyi Bəşər Əsədin Tehrana səfərinin əvvəlindən sona çatmasına qədər tam xəbərsiz olub. Nazirliyin heç bir rəsmisinin bu səfərdən xəbəri olmayıb və bu xəbərsizlik Əsədin səfərinin başa çatmasına qədər davam edib. Yalnız məhdud bir dairədə, müəyyən şəxslərin Suriya prezidentinin İrana səfərindən xəbəri olub. Bu isə acı bir həqiqətdir”.
B.Qasimi xarici işlər nazirinin, eləcə də nazirliyin digər rəhbər şəxslərinin bu səfərdən xəbərsiz saxlanmasının səbəbinə toxunmayıb.
Qeyd edək ki, Bəşər Əsəd fevralın 25-də İrana gizli səfər edib. Səfər prezident Həsən Ruhanidən və xarici işlər naziri Cavad Zərifdən gizli saxlanılıb. B.Əsədin dini lider Əli Xamneyi ilə görüşündə isə SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymani, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dini liderə yaxın digər şəxslər qatılıb. Ruhani və Zərif görüşə dəvət edilməyib. Bunun ardınca, Zərif fevralın 25-i axşam saatlarında “İnstaqram” səhifəsində tutduğu vəzifəsindən istefa verdiyini bildirib. Prezident onun istefasını qəbul etməyib.