ABŞ-ın Arizona ştatının respublikaçı senatoru Marta Maksalli bir zabit tərəfindən təcavüzə məruz qaldığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Senatın “Silahlı xidmətlər” alt komitəsində orduda cinsi təcavüzlə bağlı keçirilən müzakirələr zamanı danışıb.
ABŞ Hərbi Hava Qüvvələrində ilk qadın qırıcı pilot olan senator orduda xidmət etdiyi dövrdə yüksək rütbəli zabit tərəfindən təcavüzə uğrayıb:
“Uzun illər bu barədə susdum, ancaq orduda bu kimi qalmaqallar çoxaldığından bəzilərinin bu həqiqəti bilməsinə ehtiyac hiss etdim”.
52 yaşlı senator yaşadıqlarını paylaşarkən rəsmilər tərəfindən necə ələ alındığını, qorxudulduğunu və ordu sıralarından ayrılmaq fikrinə gəldiyini söyləyib.
ABŞ Hərbi Hava Qüvvələrindən 26 il xidmət keçən və polkovnik rütbəsi ilə təqaüdə çıxan senator əlavə edib ki, hərbdə cinsi hücumların dayandırmaq üçün uzun bir yol qət olunub, ancaq problemi həll etmək üçün daha çox yol gedilməlidir.