7 Mart 2019 16:31
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı Qasım Süleymaninin müavini İsmayıl Qaani Suriya lideri Bəşər Əsədi Tehrana təmsil etdiyi qurumun gətirdiyini deyib.

Teleqraf.com xəbər verir ki, İ.Qaani xarici işlər naziri Cavad Zərifin keçirilən görüşlərdə iştirak etməməsinə işarə edərək deyib:

“Bu səfərdən məlumatı olması lazım olan adamlar məlumatlı idi, lazım olmayanlara isə məlumat verilməmişdi”.

İ.Qaani əlavə edib ki, prezident Həsən Ruhani bu səfərdən məlumatlı olub. Xarici işlər naziri Cavad Zərifə məlumat verilməməsi isə dövlət orqanlarının öz işidir, SEPAH buna qarışmır.

Qeyd edək ki, Bəşər Əsəd fevralın 25-də qəfildən Tehrana səfər edib. Onun prezident Həsən Ruhani və ali dini lider Əli Xamneyi ilə keçirdiyi görüşlərdə XİN rəhbəri Cavad Zərifin iştirak etmədiyi diqqətdən yayınmayıb.

B.Əsədin Ə.Xamneyi ilə görüşünə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dini liderə yaxın digər şəxslər qatılıb. Bundan sonra Zərif öz “İnstaqram” səhifəsində istefa verdiyini elan etsə də, Həsən Ruhani onun istefasını qəbul etməyib. Zərif istefasına səbəb kimi Əsədin Tehrana səfərindən xəbərsiz olmasını əsas gətirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər