ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Jozef Votel hələlik Suriyadakı hərbi qüvvələrin geri çəkilməsi haqda düşünmədiklərini və İŞİD terror təşkilatının tamamilə zərərsizləşdirilmədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, general Votel Suriyadakı ABŞ hərbi qüvvələrinin çıxarılması ilə bağlı dəqiq tarixin müəyyən edilmədiyini də bildirib.
O qeyd edib ki, Amerikanın bölgədəki əsas hədəfi İŞİD-i məhv etməkdir, buna görə də, bölgədə hərbi qüvvələrin saxlanılmasına ehtiyac var:
“Biz hazırda İŞİD-lə mübarizəyə fokuslanmışıq. Bölgədəki qüvvələrimizin təhlükəsizliyin təmin edildiyindən əmin olmalıyıq. Əgər qüvvələrimizə qarşı təhdid varsa, geri çəkilmək haqda düşünməyəcəyik”.
İŞİD-ə qarşı zəfəri elan edən Prezident Donald Trampdan fərqli olaraq, Jozef Votel bu terror təşkilatına qarşı müharibənin tezliklə bitməyəcəyini, uzanacağını düşünür: “İŞİD yenidən hərəkətə keçmək üçün ən doğru zamanı gözləyir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbi qüvvələrin çıxarılacağını açıqlasa da, hələlik bununla bağlı addım atılmayıb.
Son olaraq, ABŞ-ın bölgədə 400 canlı qüvvə saxlayacağı bildirilmişdi.