12 Mart 2019 15:47
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Əli Xamneyi hərbi komandanların iştirakı ilə keçirilən görüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” adlı xüsusi təyinatlı hərbi hissəsinin komandanı, general-mayor Qasım Süleymaniyə layiq görüldüyü İranın ən yüksək hərbi nişanı olan “Zülfüqar” nişanını təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Zülfüqar” nişanını Q.Süleymaninin sinəsinə taxdıqdan sonra etdiyi çıxışında Xamneyi ona hərbi fəaliyyətinin sonunda şəhid olmağı arzulayıb:

“Qasım Süleymani dəfələrlə öz həyatını düşmən qarşısında təhlükəyə atıb. Qoy mütəal Allah ona əcr versin, onun səadət içində yaşamasına yardım etsin və onun aqibətini şəhidliklə bitirsin. Əlbəttə ki, indi yox. Çünki hələ uzun illər islam respublikasının ona ehtiyacı var. Lakin sonunda Allah eləsin ki, onun aqibətini şəhidlik zirvəsinə ucaltsın”.

Qeyd edək ki, SEPAH-ın İran sərhədlərindən kənarda hərbi və gizli əməliyyatlar aparması üçün nəzərdə tutulmuş “Qüds” briqadası qüvvələrinin komandanı Q.Süleymani və onun başçılıq etdiyi qüvvələr hazırda Suriyada, İraqda və Yəməndə daha çox fəaliyyət göstərir.

Xatırladaq ki, İranın hökumət saytlarında Q.Süleymaninin “Zülfüqar” hərbi nişanına layiq görüldüyü barədə martın 11-də məlumat yayılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər