Avropa İttifaqının yenidən qurulması barədə Berlinin mövqeyini kansler Angela Merkelin deyil, Xristian Demokrat İttifaqının (XDİ) başçısı Anneqret Kramp-Karrenbauerin şərh etməsi müşahidəçiləri təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, bunu etməyə onu Fransa Prezidenti Emmanuel Makronun bütün Avropa İttifaqına ünvanlanmış açıq məktubu sövq edib. Məktubda Avropada qlobal islahatlar barədə düşünməyə çağırış olub. Xatırladaq ki, Makronun müraciəti Avropa İttifaqının üzvü olan bütün dövlətlərin aparıcı KİV-lərində dərc edilib.
Maraqlıdır ki, Almaniya tərəfindən bu çağırışa hamının gözlədiyi kimi, Angela Merkel deyil, XDİ sədri vəzifəsində onun varisi Anneqret Kramp-Karrenbauer münasibət bildirib. O, öz fikirlərini “Welt am Sonntag” qəzetində şərh edib. Ekspertlərin çoxunun fikrincə, bunu Berlinin rəsmi reaksiyası saymaq olar.