Bəşər Əsəd rejimi “Gərginliyin azaldılması bölgəsi” elan olunan İdlibə fosfor bombaları ilə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İdlib mülki müdafiə qurumunun rəhbəri Hacı Yusif məlumat yayıb.
O deyib ki, Hama rayonunun Əbu Dali kəndində yerləşən Əsəd qüvvələri və İran tərəfindən dəstəklənən qruplar İdlibin cənubundakı Temaniyə məntəqəsinə fosfor bombaları atıb: “Hücum iki dəfə oldu. Hələlik yaralanan və ya ölənlərin olub-olmadığı haqda məlumatlı deyilik”.
Əldə olunan görüntülərdən fosfor bombalarından silah kimi istifadə edildiyi məlum olur. Bu tip silahların tətbiqi qadağandır və cinayət məsuliyyəti yaradır.
Fosfor bombası təngnəfəsliyə səbəb olur, beyini, ağ ciyəri zədələyir.
Bəşər Əsəd sonuncu dəfə fosfor bombasından 2018-ci ilin mart ayında Şərqi Qutada istifadə edib.