ABŞ-ın Virciniya ştatının Riçmond şəhərinin sakini bir gündə 30 lotereya bileti alıb və onların hamısı uduşlu olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “USA Today” informasiya portalı məlumat yayıb.
Debora Braun bildirib ki, həmin gün aldığı biletlərin hamısı təsadüfən 1-0-3-1 nömrə birləşməsinə uyğun gəlib. Qadın öz intuisiyasına güvənib və 20 lotereya bileti alıb. Onlara da bu rəqəmləri daxil edib. Daha sonra digər mağazadan daha 10 bilet alıb.
Hər biletin qiyməti 1 dollar təşkil edib. Lotereyada ən böyük priz isə 5 min dollar olub. Braun bu minvalla 150 min dollar qazanıb. Ümumilikdə isə 30 biletə cəmi 30 dollar xərcləyib.
Amerikalı qadın bildirib ki, sevindiyindən az qala infarkt keçirəcəkmiş.
Lotereya təşkilatçıları isə bildiriblər ki, bu cür şans 10 min nəfərdən birinə rast gəlir.
Braun hələlik vəsaiti nəyə xərcləyəcəyini bilmir. O güman edir ki, bu pulla evini təmir edəcək.