Gürcüstan Prezidenti Salome Zurabişvili martın 13-də erməni həmkarı Armen Sərkisyanın dəvəti ilə bu ölkəyə ikigünlük rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə ədliyyə naziri Teya Sulukiani, parlamentin vitse-spikeri Georgi Volski, deputatlar Kaxa Okriaşvili, Givi Çiçinadze, Enzel Mkoyan, xarici işlər nazirinin müavini Laşa Darsaliya və Prezident Administrasiyasının əməkdaşları daxildir.
S.Zurabişvili martın 13-də Armen Sərkisyanla görüşüb, tərəflər görüşün sonunda birgə brifinq keçiriblər.
Həmin gün onun Ermənistanın baş naziri Nikol Paşinyanla birgə naharı baş tutub. Ermənistan saytlarının yazdığını görə, nümayəndə heyətlərinin “Çinar” restoranında keçirilən birgə naharında masaya “erməni mətbəxi”nin “ənənəvi yeməyi” olan iki növdə (tənək və kələm-pomidor) dolma qoyulub. Restorandan çıxanda Zurabişviliyə kənd təsərrüfatı məhsullarından ibarət hədiyyə səbəti bağışlanıb.
Ümumiyyətlə, bütün görüşlər dostluq-qardaşlıq mesajları ilə müşayiət olunub. Tərəflər bir-birinin şəninə təriflər yağdırıblar.
Azərbaycan və Türkiyə ilə strateji tərəfdaş olan Gürcüstanın Prezidenti İrəvanda qondarma soyqırımı abidəsi – “Tsisernakaberd”i ziyarət etməyi də unutmayıb. O, indiki Türkiyə Respublikasının sələfi Osmanlı imperiyasının “zülmündən” əziyyət çəkənlərin “xatirəsinə” ucaldılmış abidə kompleksinin qarşısındakı əbədi məşəl önünə əklil qoyub. Daha sonra xatirə kitabına ürək sözlərini yazıb. S.Zurabişvili, həmçinin, “Soyqırımı muzeyi”ndə də olub və Yaddaş Xiyabanında şam ağacı əkib.
Ancaq Gürcüstan Prezidentinin bu reveranslarına baxmayaraq fakt faktlığında qalır. Fakt isə ondan ibarətdir ki, Gürcüstanın ən yaxın arxa-dayağı erməni təcavüzündən əziyyət çəkən Azərbayacan, həmçinin, ermənilərin əsassız hücumları ilə üzləşən Türkiyə Respublikasıdır. Bakı və Ankaranın indiyədək Tiflisə verdiyi dəstək saysız-hesabsızdır. Gürcüstanın milliyyətcə azərbaycanlı olan vətəndaşları 90-cı illərdə bu ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstəriblər. Ermənistanın və Gürcüstanda yaşayan ermənilərin isə Tiflisə münasibəti göz önündədir. İrəvan hər zaman Tiflisə arxadan xəncər saplayıb. Təkcə onu qeyd etmək yerinə düşər ki, Ermənistan Gürcüstanın bir nömrəli düşməni olan, onun ərazisini işğal edən Rusiyanın əsas hərbi-siyasi müttəfiqidir. Cavaxetiyada yaşayan ermənilər isə bu ərazidə yeni erməni dövlətinin yaranması, yaxud Ermənistana birləşmək üçün start vəziyyətdədirlər.
Aşağıda təqdim etdiyimiz videoda da bunu açıq-aşkar görmək mümkündür. Qeyd edək ki, video “Youtube” video-hostinqinə cəmi 1 ay öncə yerləşdirilib. Maraqlıdır ki, gürcülərin özləri tərəfindən hazırlanan bu videoda əsas diqqət Ermənistana ayrılıb. Videonu təqdim edir, ondan nəticə çıxarmağı hər kəsin öz öhdəsinə buraxırıq.