Çeçenistan parlamentinin “Vahid Rusiya” Partiyasından olan deputatı, İçkeriyanın sabiq müdafiə naziri Maqomed Xanbiyev bildirib ki, rusları sevmir və onlarla danışmır.
Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçi “İnstaqram”da canlı efir zamanı bildirib.
Onun etiraf videosunu “Tvitter”də müxalifəçi Aleksey Navalnı paylaşıb.
“Mən öz xalqımın padşahıyam – çeçenəm. Mən ruslarla heç vaxt danışmıram, rusca heç bir söz işlətmirəm, heç bir rusa təslim olmamışam (Çeçenistanda müharibəni nəzərdə tutur). Mənim heç bir rus generalı, heç bir rus zabiti ilə sövdələşməm olmayıb. Bu gün də mən onları sevmirəm. Mən İçkeriyanın oğluyam!”
“Vahid Rusiya”nın Çeçenistan bölməsinin saytında deyilir ki, Maqomed Xanbiyev hakim partiyanın Çeçenistan parlamentindəki fraksiyasının üzvüdür və Qanunvericilik, hüquqi tənzimləmə və təhlükəsizlik komitəsinin tərkibinə daxildir.
O, Çeçenistan Respublikasında parlamentarizmin inkişafında xidmətlərinə görə Axmet Kadırov ordeni ilə təltif olunub.
İçkeriya SSRİ dağıldıqdan sonra öz müstəqilliyini elan edib. O, SSRİ zamanında Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ərazisi kimi RSFSR-in tərkib hissəsi idi. İçkeriya 2007-ci ildə respublikanın prezidenti Doku Umarovun “Qafqaz Əmirliyi” (İmarat Kavkaz) yaradıldığını elan etdikdən sonra öz mövcudluğuna son qoydu və əmirliyin tərkibində Noxçiyço vilayətinə çevrildi. Daha sonra “Qafqaz Əmirliyi” terrorçu təşkilat kimi qəbul olundu və onun fəaliyyəti Rusiyada qadağan edildi.