Bu gün Slovakiyada prezident seçkisi keçirilir.
Teleqraf.com xəbər verir ki, seçki məntəqələri saat 07:00-da açılıb və 22:00-da bağlı elan olunacaq.
Beləliklə, 4,45 milyon seçicinin səs vermək üçün 15 saat vaxtı olacaq.
Ölkə başçısı postu uğrunda 13 namizəd mübarizə aparır. KİV onlardan ən şanslı ilk üçlüyünün siyahısını açıqlayıb. Bunlar Avropa Komissiyası sədrinin müavini və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, 52 yaşlı Maroş Şefçoviç, Ali Məhkəmənin keçmiş sədri, 61 yaşlı Ştefan Qarabin və kiçik Pezinok şəhərindən olan vəkil, 45 yaşlı Zuzana Çaputovadır. İctimai rəy sorğularında da ilk üçlükdə bu şəxslər qərarlaşıb.
Məlumata görə, seçkinin ilkin nəticələri səsvermə başa çatandan dərhal sonra açıqlanacaq və hər 10 dəqiqədən bir nəticələr yenilənəcək. Bazar günü səhər isə bütün nəticələr açıqlanmış olacaq.
Qeyd edək ki, M.Şefçoviç Avropa İttifaqının enerji komissarı kimi dəfələrlə Azərbaycanda səfərdə olub. O, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində yaxından iştirak edir. M.Şefçoviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvüdür.