“ABŞ Prezidentinin müşaviri Con Boltonun Azərbaycana səfərindən sonra rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atacağı gözlənilirdi”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin fikrincə, gözləntilərin əksinə olaraq, ABŞ Qarabağla bağlı fəaliyyətini ATƏT-in Minsk qrupu çərçivəsində aparmağa davam edir:
“Hesab edirəm ki, ABŞ Rusiyadan fərqli olaraq, Cənubi Qafqaz regionundan uzaq coğrafiyada olduğu üçün bu məsələyə birmənalı yanaşır. Amma ABŞ-a da, digər dünya dövlətlərinə də məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan tərəfindən yaradılsa da, ona bu missiyada yardım edən Rusiyadır. Yəni, ABŞ bu məsələdə aktiv rol alsa, Rusiya ilə qarşı-qarşıya gələcəyini bilir.
Bu halda da Ukrayna, Gürcüstan və Suriyada olduğu kimi iki nəhəng gücün maraqlarının toqquşmasına gətirib çıxaracaq. Bu isə Rusiya və ABŞ-ın Cənubi Qafqaz regionunda da üz-üzə gəlməsini labüd edəcək.
Bu, özünü Qərbə yönəlmiş Gürcüstan və Qərbə yönəlməyə çalışan Ermənistana münasibətdə də özünü göstərməyə başlayıb. Lakin ABŞ Ermənistana Qarabağla bağlı təzyiq etsə belə, İrəvanın bu münaqişənin həlli ilə bağlı proqramı yoxdur. Ermənistanın yeni rəhbərliyinin məsələni hansı formada həll edəcəyi ilə bağlı fikri yoxdur”.
Ramiyə Məmmədova hesab edir ki, hansısa plan olmadığı üçün Ermənistan rəhbərliyi hər gün anormal fikirlər səsləndirir:
“Bu fikirlərin reallıqları əks etdirmədiyini bilirik. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millz də dəfələrlə bəyan etdi ki, Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı heç bir planı yoxdur.
Amma ABŞ Cənubi Qafqazda fəallaşmaq niyyətindədir. ABŞ onu da başa düşür ki, bölgədəki nüfuzunu genişləndirmək üçün regionun əsas güclərindən biri olan Azərbaycana yaxınlaşmaq üçün Qarabağ məsələsinin həllində aktiv rol almalıdır.
Rusiyanın münaqişədə yer alması ABŞ-ın bu cəhdlərini bir qədər çətinləşdirir. Buna görə də, hələlik öz fəaliyyətini Minsk qrupu çərçivəsində davam etdirir”.