Yeni Zelandiyada iki məsciddə 49 nəfəri qətlə yetirən terrorçu Brenton Tarrant öz qanlı aksiyasını Feysbuk üzərindən canlı yayımlamışdı.
Teleqraf.com xəbər verir ki, hadisə baş verən vaxt bunun Feysbuk rəhbərliyinin yox, ilk olaraq Yeni Zelandiya polisinin xəbər tutması etirazlara səbəb olub.
Bundan əvvəl isə terrorçu Tvitter hesabında qətliamda istifadə etdiyi silahlardan birinin fotosunu paylaşmışdı. Silahın üzərində müsəlmanlara qarşı olan kəskin və təhdidedici qeydlər vardı.
Qətliam baş verməmişdən əvvəl Tarrant Tvitterdə müsəlmanlara qarşı 63 paylaşım etmişdi və terror aktı törədəcəyinin anonsunu vermişdi. Fevral ayında Tvitterdə hesabı da bu məqsədlə açmışdı.
Brenton Tarrantın islam əleyhinə aktiv fəaliyyət göstərdiyi əsas sosial şəbəkə saytı isə “Politically incorrect” adlı internet saytı idi. Qətliam baş verən andan bir neçə saat əvvəl həmin sosial şəbəkədə “İşğalçılara (müsəlmanlara) hücum edib, Feysbukda canlı yayımlayacağam” mesajını paylaşmışdı. Yalnız hadisə baş verdikdən qısa müddət sonra Brenton Tarrantın Tvitter və Feysbuk hesabları ləğv edildi.
Feysbuk isə hadisə baş verən vaxt təcili olaraq, Yeni Zelandiya polisinə xəbərdarlıq etdiyini iddia edib: “Canlı yayım başlamazdan qısa müddət sonra polisə xəbərdarlıq etdik. Biz də sürətli şəkildə təcavüzkarın hesabını dondurduq”.
Lakin hadisənin Brenton Tarrantın canlı yayıma çıxdığı bu sosial şəbəkənin yox, ilk olaraq polis tərəfindən təsbit edilməsi isə şübhəli suallar yaradıb. Terrorçunun hesablarının qətliam baş verdikdən sonra ləğv edilməsi isə müzakirələri bir qədər də qızışdırıb.
Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada baş vermiş müsəlman qətliamı Feysbuk üzərindən canlı yayımlanmışdı. Yerli saatla 13.40-da başlayan yayımda terrorçu avtomobillə məscidə doğru irəliləyəndə maqnitofonda müsəlmanlar əleyhinə yazılmış “Remove Kebab” adlı mars səslənirdi.
Terrorçu avtomobilini Kristçerç şəhərində yerləşən Hagli Park adlı ərazidə saxlayır və silahlarını nümayiş etdirir. Üzərində adlar və şüarlar yazılan silahlardan birini götürərək məscidə doğru irəliləyir və qarşısına çıxan müsəlmanların hamısını qətlə yetirir.
Canlı yayım 20-ci dəqiqəsində kəsilir, saat 15:00-da isə terrorçu Brenton Tarrant saxlanılır. Lakin canlı yayıma icazə verdiyi üçün Feysbuk rəhbərliyi kəskin etirazlarla qarşılaşır. Çünki qətliam baş verdiksən sonra da, həmin video-görüntünü Feysbukla yanaşı, İnstaqram və Yutub sosial şəbəkələrindən əldə etmək mümkün idi.
Amerikalı senatorlar Kori Buker və Mark Varner sosial media şirkətlərini görüntülərin aradan götürülməsində gecikdikləri üçün sərt şəkildə tənqid ediblər.