18 Mart 2019 17:39
2 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 17-də İran yol polisi əməkdaşının ər-arvadı döyməsi ilə bağlı video yayılıb.

Teleqraf.com xəbər verir ki, Tehranın Niyayeş magistral yolunda hərəkətdə olan avtomobil polis əməkdaşı tərəfindən saxlanılıb.

Polis sürücüyə sürət həddini aşdığını və qanunsuz ötmə əməliyyatı yerinə yetirdiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Polis vətəndaşın etirazına yumruqla cavab verəndən sonra mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə polis sürücünü və onun xanımını yumruqla döyərək, onlara xəsarət yetirib.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilərin kəskin reaksiyası və qəzəbinə səbəb olub. Buna görə bu gün səhər Tehran şəhər Dövlət Yol Polisinin rəisi Məhəmmədrza Mehmandar məsələ ilə bağlı açıqlama verməyə məcbur olub.

O, videoda vətəndaşları döyən şəxsin “polis əməkdaşı deyil, polis qüvvələrində xidmət edən əsgər” olduğunu bildirib. Yol Polisi rəisi döyülənlərdən birinin “qadın olmadığını” iddia edib.

Məhəmmədrza Mehmandar baş verən hadisəyə görə vətəndaşlardan üzr istəməyib və xuliqanlıq edən “əsgər”in məsuliyyətə cəlb edilməyəcəyini deyib.

Qeyd edilir ki, İranda sadə vətəndaşlar tez-tez bələdiyyə və polis işçiləri tərəfindən döyülür. Lakin öz vəzifə səlahiyyətlərindən istifadə edərək xuliqanlıq edən bu şəxslərə qarşı heç bir tədbir görülmür.

Görüntüləri təqdim edirik:


Müəllif: Səxavət

Oxşar xəbərlər