Novruz bayramı günlərində 2 min nəfərdən çox turist Çaldıranda Qarakilsəyə baxış keçirib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi Məhərrəm Abdullahi bildirib.
“Qərbi Azərbaycanda yerləşən kilsə dünya üzrə ən gözəl tarixi abidələrdən biridir. Onun bənzərsiz memarlığı hər kəsin diqqətini çəkir”, – deyə o bildirib. M.Abdullahinin sözlərinə görə, Novruz bayramının ilk günlərindən martın 27-dək 17-i xarici olmaqla 2 min 608 turist kilsəyə baxış keçirib.
İdarə rəisi kilsənin Qərbi Azərbaycan əyalətinin Çaldıran düzündə yerləşdiyini diqqətə çatdıraraq erməni tarixçiyə istinadən kilsənin xristianlıq dövrünün əvvəllərinə aid olduğunu deyib.
Qeyd edək ki, İran hakimiyyəti son illərdə Qarakilsəni güclü şəkildə reklam edir, barəsində müxtəlif bəhanələrlə təbliğat aparır. Bundan əlavə hər il minlərlə erməni dini mərasim adı ilə Qarakilsəyə toplaşır. Bir neçə gün davam edən mərasimdə İran və dünyanın müxtəlif ölkələrindən gələn ermənilərə dövlət tərəfindən yüksək səviyyədə xidmət göstərilir. Ermənilər Qarakilsədə istədikləri mərasimi keçirirlər. Ancaq elə Qarakilsənin yerləşdiyi Azərbaycan ərazilərində soydaşlarımız milli-mədəni hüquqlarının təmini uğrunda və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmir. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal sərt şəkildə cəzalandırılır.