Xəbər verildiyi kimi ötən günlərdə Şərqi Azərbaycan əyalətində saxta alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı mediaya açıqlama verən Təbriz Tibb Universitetinin müalicə məsələləri üzrə rəis müavini Höccət Purfəthi bildirib ki, Şərqi Azərbaycanda alkoqollu içkidən zəhərlənənlərin sayı 240-a çatıb, onlardan 10-u artıq həyatını itirib.
Kütləvi zəhərlənmə faktı Novruz bayramına bir neçə gün qalmış qeydə alınıb.
Höccət Purfəthi həmçinin əlavə edib ki, zəhərlənmə ilə Sina xəstəxanasına yerləşdirilən xəstələrdən 3-ü görmə qabliyyətini itirib, bir neçə nəfər beyin iflicinə düçar olub.
Tibb Universitetinin təmsilçisi xüsusi olaraq diqqətə çatdırıb ki, hadisə konkret bir yerdə içki qəbul etməklə bağlı deyil, bu, bir neçə yerdə baş verib.
Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti ötən həftələrdə Əhərdə saxta alkoqollu içkilərdən zəhərlənənlərlə müqayisədə daha ağırdır.
Qeyd edilir ki, İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Ölkədə 1979-cü ildə islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır.
Ona görə də evdə əldəqayırma yolla hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.