29 Mart 2019 22:39
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD” terror təşkilatına daxil olan Danimarka vətəndaşlarının dünyaya gələn övladları bundan sonra avtomatik şəkildə ölkə vətəndaşlığı ala bilməyəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın miqrasiya qurumu məlumat yayıb.

“Onların valideynləri Danimarkadan üz çevirib. Bu səbəbdən də onların uşaqlarının Danimarka vətəndaşı olmaları üçün heç bir səbəb yoxdur. Bu insanlar demokratiyaya, azadlığa və bizim Danimarkada müdafiə etdiyimiz hər şeyə qarşı müharibəyə başlayıblar. Onlar heç bir vəchlə Danimarkaya məxsus deyillər”, - deyə ölkənin miqrasiya naziri İnger Stoyberq bəyan edib.
Bu mübahisəli qərar Danimarkanın sağmərkəzçi hökuməti ilə ultrasağçı Danimarka Xalq Partiyası arasında bağlanan razılaşmanın bir hissəsidir. Razılaşma, həmçinin Suriya və ya İraqa səyahət edərək terror təşkilatının tərəfində vuruşan ikili vətəndaşlığı olan insanlara da aid ediləcək. Bu qrupdan olan şəxslər vətəndaşlıqdan məhkəməsiz məhrum ediləcəklər. Beləliklə, hökumət sadə inzibati sərəncam vasitəsilə onların vətəndaşlığını ləğv edə biləcək. Bu, o deməkdir ki, onların məhkəmə üçün Danimarkaya qaytarılması lazım olmayacaq.

İndi yeni qanun layihəsi parlamentdən keçməlidir. Lakin səsvermə günü hələ də təyin olunmayıb.

Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu – UNICEF Danimarkanın “uşaqları onların valideynlərinin günahlarına görə cəzalandırmaqla” riskə yol verməsi ilə xəbərdar edib, bu qərarla uşaqların hüquqları barədə beynəlxalq Konvensiyanın müddəalarının pozula biləcəyini əlavə edib.
Danimarka Hökumətinin məlumatına görə, bu ölkə ilə əlaqəsi olan 40-dək cihadçı terrorçulara qoşularaq hələ də Suriyada yerləşirlər. Bununla belə, “İŞİD” ərazisində danimarkalı vətəndaşlardan doğulan uşaqların sayı barədə dəqiq məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər