Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton Venesuelaya göndərdiyi hərbçilərlə bağlı Rusiyanı sanksiyalarla hədələyib.
Teleqraf.com-un məlumatına görə, o, Venesuela böhranı ilə bağlı rəsmi Moskvaya xəbərdarlıq edib.
Bolton deyib ki, Venesuela lideri Nikolas Maduroya hərbi dəstək verən Rusiya və digər ölkələrin hərəkətləri bölgənin təhlükəsizliyinə təhdid kimi qəbul ediləcək:
“Qərb yarımkürəsindən kənar qüvvələrin bölgədə hərbi birlik qurmaq, onu Venesuela və ya yarımkürənin hər hansı ərazisinə yerləşdirmək mövzusunda addımlarını qınayır və şiddətlə xəbərdarlıq edirik. Bu cür davranışların mütləq bir nəticəsi olacaq”.
ABŞ-ın qərb yarımkürəsindəki müttəfiqlərinə diqqət çəkən Bolton bəyan edib ki, bu cür təxribatçı tədbirləri regiondakı milli barışa və təhlükəsizliyə təhdid sayırlar: “ABŞ-ın və müttəfiqlərinin qərb yarımkürəsindəki maraqlarını müdafiə etməyə və qorumağa davam edəcəyik”.